Home > Events > GƏNCLƏR ÜÇÜN HR SAHƏSİNDƏ KARYERA İMKANLARI MÜZAKİRƏ OLUNDU

GƏNCLƏR ÜÇÜN HR SAHƏSİNDƏ KARYERA İMKANLARI MÜZAKİRƏ OLUNDU

Azərbaycan HR İnstitutunun tərəfdaşlığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” mövzusunda panel müzakirəsi keçirilib.

Azərbaycan Universitetində keçirilən bu tədbirdə gənclərin əmək bazarına hazırlığı, insan resursları sahəsində karyera imkanlarının genişləndirilməsi və peşəkar inkişaf perspektivlərinin müzakirə edilib, həmçinin gənclərin HR sahəsinə marağının artırılması, bu istiqamətdə karyeraya başlamaq üçün zəruri bacarıqlar, əmək bazarının gözləntiləri və peşəkar inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.

HR sahəsində karyeraya ilk addımlar

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Ceyhun Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxış edərək HR sahəsinin inkişaf perspektivləri, müasir əmək bazarının tələbləri və gənclər üçün mövcud karyera imkanlarından bəhs ediblər.

Çıxışlarda xüsusilə gənclərin peşə seçimində düzgün istiqamətləndirilməsinin, nəzəri biliklərlə yanaşı praktiki bacarıqların inkişaf etdirilməsinin və əmək bazarının real ehtiyaclarının nəzərə alınmasının vacibliyi vurğulanıb.

Panel müzakirəsində isə Azərbaycan HR İnstitutunun təlimçiləri və HR sahəsinin ekspertləri iştirak ediblər.

İnsan Resursları üzrə ekspert Günel Binnətli, Öyrənmə və inkişaf üzrə ekspert Təhmimə Salmanova, eləcə də Əmək qanunvericiliyi üzrə ekspert Sevinç Nağıyeva gənclərlə öz peşəkar təcrübələrini bölüşərək HR sahəsində karyera qurmaq istəyənlər üçün praktiki tövsiyələr veriblər.

Müzakirə zamanı HR mütəxəssisinə çevrilmək üçün yalnız nəzəri biliklərin deyil, kommunikasiya, analitik düşüncə, əmək qanunvericiliyini anlama, öyrənməyə açıqlıq və dəyişən əmək bazarına uyğunlaşma bacarıqlarının da əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

“Gənclər üçün HR Akademiyası” layihəsinin nəticələri təqdim olunub

Tədbirin diqqətçəkən məqamlarından biri də “Gənclər üçün HR Akademiyası” layihəsinin məzun və təlimçilərinin tədbir iştirakçılarına təqdim olunması olub.

Layihə çərçivəsində HR sahəsinə maraq göstərən gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların peşəkar mühitlə daha yaxından tanış olması və gələcək karyera yollarına hazırlanmaları istiqamətində fəaliyyət həyata keçirilib.

Layihənin məzunlarının tədbirdə iştirakı gənclər üçün HR sahəsində inkişaf imkanlarının yalnız nəzəri müzakirələrlə məhdudlaşmadığını, konkret təlim və inkişaf proqramları vasitəsilə dəstəkləndiyini göstərib.

HR və gənclərin inkişafı arasında körpü

Son illərdə insan resursları sahəsində baş verən dəyişikliklər HR peşəsinə yanaşmanı da əhəmiyyətli dərəcədə dəyişib. Artıq HR yalnız işə qəbul və inzibati proseslərlə məhdudlaşan fəaliyyət sahəsi deyil. İnsan kapitalının inkişafı, əməkdaş təcrübəsi, öyrənmə və inkişaf, təşkilati mədəniyyət, performansın idarə edilməsi və strateji HR yanaşmaları müasir şirkətlərin gündəliyində xüsusi yer tutur.

Bu baxımdan gənclərin HR sahəsi ilə erkən mərhələdə tanış olması, peşənin müxtəlif istiqamətləri haqqında məlumat əldə etməsi və praktiki təcrübə qazanması gələcək insan kapitalının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” mövzusunda keçirilən panel də məhz bu istiqamətdə — gənclərlə peşəkar HR mühiti arasında əlaqənin gücləndirilməsi baxımından diqqət çəkib.

Tədbir iştirakçılarla xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

 

You may also like
EMIL HUSEYNOV JOINS EAPM’S INTERNATIONAL HR WORKING GROUP, EXPANDING OPPORTUNITIES FOR AZERBAIJAN’S HR COMMUNITY
EMİL HÜSEYNOV EAPM-İN BEYNƏLXALQ HR İŞÇİ QRUPUNA ÜZV SEÇİLİB: AZƏRBAYCAN HR İCMASI ÜÇÜN YENİ İMKANLAR
JOIN LINKEDIN EXCLUSIVE WEBINAR: LEARN HOW TO BECOME AN EMPLOYER OF CHOICE
LMS-DƏN ÖYRƏNMƏ EKOSİSTEMİNƏ: CHRO BREAKFAST-DA DAVAMLI ÖYRƏNMƏNİN GƏLƏCƏYİ MÜZAKİRƏ OLUNUB

Leave a Reply