Azerbaijan HR Institute, Azerbaijan HR Community və Anzera Learning Technologies-in birgə təşkilatçılığı ilə keçirilən CHRO Breakfast tədbirində müasir təşkilatlarda davamlı öyrənmənin rolu, öyrənmə texnologiyalarının imkanları və LMS platformalarının inkişaf perspektivləri diqqət mərkəzində olub.



10 oktyabr tarixində Bakıda baş tutan “CHRO Breakfast: From LMS to Learning Ecosystem” tədbiri HR rəhbərlərini, CHRO-ları, təlim və inkişaf mütəxəssislərini bir araya gətirib. Görüş iştirakçılar arasında fikir mübadiləsi, yeni ideyaların paylaşılması və korporativ öyrənmənin gələcəyinə fərqli perspektivlərdən baxılması üçün imkan yaradıb.
Davamlı öyrənmə: dəyişən iş dünyasının tələbi
Texnologiyaların sürətlə inkişaf etdiyi və yeni bacarıqlara tələbatın artdığı müasir iş dünyasında davamlı öyrənmə həm fərdi, həm də təşkilati inkişafın vacib istiqamətidir. Əməkdaşların biliklərini yeniləməsi, yeni kompetensiyalar qazanması və dəyişikliklərə uyğunlaşması təşkilatların uzunmüddətli inkişafında mühüm rol oynayır.
Tədbirdə iştirakçılar süni intellektin öyrənmə dünyasını necə dəyişdirdiyi, LMS-dən daha geniş və inteqrasiya olunmuş öyrənmə ekosistemlərinə keçidin hansı imkanlar yaratdığı, eləcə də əməkdaşların inkişafını daha effektiv və davamlı şəkildə necə dəstəkləməyin mümkün olduğu ətrafında müzakirələr aparıblar.
Görüşün diqqətçəkən tərəflərindən biri interaktiv yanaşma olub. İştirakçılar suallar ətrafında fikir mübadiləsi aparıb, oyunlarda iştirak edib, təcrübələrini bölüşərək birlikdə öyrənmək imkanı əldə ediblər. Bu format öyrənmənin əməkdaşlıq, ünsiyyət və praktiki təcrübə ilə daha da zənginləşdiyini nümayiş etdirib.
HR Academy LMS: davamlı öyrənmə üçün rəqəmsal imkanlar
Azerbaijan HR Institute-un Anzera Öğrenme Teknolojileri A.Ş. ilə əməkdaşlığının mühüm nəticələrindən biri HR Academy LMS platformasıdır. Azerbaijan HR Community üzvləri üçün nəzərdə tutulan platforma onların davamlı öyrənməsini və peşəkar inkişafını dəstəkləyir.
Müxtəlif mövzuları əhatə edən öyrənmə resursları, xüsusilə yumşaq bacarıqların inkişafına yönəlmiş məzmun platformanın əsas imkanları sırasındadır. HR Academy LMS icma üzvlərinin biliklərini genişləndirməsinə, yeni bacarıqlar qazanmasına və öz inkişaflarına davamlı şəkildə vaxt ayırmasına şərait yaradır.
Bu təşəbbüs öyrənmə texnologiyalarının imkanlarını HR mütəxəssislərinin inkişaf ehtiyacları ilə birləşdirir və peşəkar öyrənmə mədəniyyətinin gücləndirilməsinə töhfə verir.
Gələcəyin öyrənmə ekosistemi necə formalaşır?
CHRO Breakfast çərçivəsində aparılan müzakirələr göstərib ki, öyrənmənin gələcəyi texnologiya ilə yanaşı, insanları, ideyaları və təcrübələri bir araya gətirən yanaşmalardan da asılıdır. Süni intellekt və rəqəmsal həllər öyrənmə imkanlarını genişləndirdikcə, təşkilatlar üçün əsas məsələlərdən biri bu imkanları əməkdaşların real inkişaf ehtiyacları ilə əlaqələndirməkdir.
Azerbaijan HR Institute və Anzera Öğrenme Teknolojileri A.Ş. arasında əməkdaşlıq bu istiqamətdə yeni imkanların yaradılmasına və HR sahəsində davamlı öyrənmə yanaşmasının təşviqinə xidmət edir.
Tədbir iştirakçıların təcrübə mübadiləsi, yeni ideyalar və gələcək əməkdaşlıqlar üçün yaratdığı imkanlarla yadda qalıb.
Davamlı öyrənməyə əsaslanan yanaşma insanların inkişafını, texnologiyanın imkanlarını və təşkilatların gələcək hədəflərini vahid istiqamətdə birləşdirən mühüm amil kimi ön plana çıxır.
















