Azərbaycanın insan resursları sahəsində beynəlxalq inteqrasiyası yeni mərhələyə qədəm qoyur. Azərbaycan HR İnstitutunun World Federation of People Management Associations (WFPMA) çərçivəsində təmsil olunması ölkənin HR ekosisteminin qlobal peşəkar şəbəkəyə çıxışı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın adı qlobal HR şəbəkəsində
1976-cı ildə yaradılan World Federation of People Management Associations (WFPMA) dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən people management assosiasiyalarını bir araya gətirən qlobal şəbəkədir. Federasiya 90-dan çox milli HR assosiasiyasını və 550 mindən çox people management peşəkarını təmsil edir.
WFPMA-nın əsas məqsədləri arasında HR peşəkarları arasında beynəlxalq əlaqələrin qurulması, bilik və təcrübə mübadiləsinin təşviqi, araşdırma və qlobal HR trendlərinin paylaşılması, eləcə də people management peşəsinin inkişafına dəstək göstərilməsi dayanır.
WFPMA-nın rəsmi üzvlük strukturunda Avropanı European Association for People Management (EAPM) təmsil edir. Azərbaycan üzrə isə WFPMA-nın rəsmi səhifəsində Azərbaycan HR İnstitutu qeyd olunur (rəsmi üzvlük səhifəsini izləmək üçün klikləyin)
Bu fakt Azərbaycanın HR sahəsində beynəlxalq peşəkar şəbəkədə görünürlüğünün artması baxımından diqqətəlayiqdir.
Bu əməkdaşlıq Azərbaycan üçün nə deməkdir?
Qlobal HR təşkilatları ilə əməkdaşlıq ilk növbədə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi üçün yeni imkanlar yaradır. Dünyanın müxtəlif ölkələrində insan kapitalının idarə edilməsinə dair formalaşan yanaşmaların, tədqiqatların və qabaqcıl təcrübələrin yerli HR mühitində tətbiqi şirkətlərin insan kapitalına yanaşmasının inkişafına təsir göstərə bilər.
Digər tərəfdən, bu əlaqələr yalnız təcrübənin Azərbaycana gətirilməsi ilə məhdudlaşmır. Azərbaycanın HR sahəsində formalaşan təcrübəsinin beynəlxalq peşəkar icmaya təqdim edilməsi üçün də imkan yaradır.
Bu isə ölkənin HR ekosisteminin “beynəlxalq təcrübəni izləyən” deyil, beynəlxalq müzakirələrdə öz təcrübəsi ilə iştirak edən bir ekosistemə çevrilməsi baxımından əhəmiyyətlidir.
HR artıq biznesin gələcəyini müəyyən edən sahələrdən biridir
WFPMA-nın 2026-cı ildə Boston Consulting Group ilə birlikdə yayımladığı Creating People Advantage 2026 araşdırması da HR funksiyasının biznesdə dəyişən rolunu ortaya qoyur. 115 bazarda 7 mindən çox HR və biznes liderinin iştirak etdiyi araşdırmaya əsasən, rəhbərlərin 65 faizi HR-ı biznes üçün əsas dəyər yaradan funksiyalardan biri hesab edir. Eyni zamanda şirkətlərin təxminən 70 faizində generativ süni intellektdən müəyyən formada istifadə olunur.
Bu rəqəmlər göstərir ki, insan kapitalının idarə edilməsi artıq süni intellekt, yeni bacarıqlar, əmək bazarının transformasiyası, liderlik və işçi təcrübəsi kimi mövzular birbaşa şirkətlərin və bütövlükdə iqtisadiyyatların rəqabət qabiliyyətinə təsir edir.
Azərbaycan üçün də bu transformasiya xüsusi əhəmiyyət daşıyır. Ölkənin biznes mühiti qlobal iqtisadi proseslərə daha çox inteqrasiya etdikcə şirkətlərin beynəlxalq standartlara uyğun insan kapitalı idarəetmə sistemlərinə ehtiyacı artır.
Qlobal HR təcrübəsi Azərbaycana, Azərbaycan təcrübəsi dünyaya
Azərbaycan HR İnstitutunun WFPMA şəbəkəsində təmsil olunması bu baxımdan iki istiqamətli proses üçün imkan yaradır: qlobal HR təcrübəsinin Azərbaycana gətirilməsi və Azərbaycanın HR təcrübəsinin beynəlxalq platformalarda təqdim olunması.
Bu əməkdaşlıq çərçivəsində beynəlxalq tədbirlər, peşəkar networking, tədqiqatlar və bilik mübadiləsi Azərbaycan HR mütəxəssislərinin qlobal həmkarları ilə daha sıx əlaqələr qurmasına şərait yarada bilər.
Azərbaycan HR İnstitutunun son illərdə beynəlxalq əməkdaşlıqlara və qlobal HR tədbirlərinə verdiyi önəm də bu istiqamətin institusional səviyyədə inkişaf etdiyini göstərir. 2026-cı ilin mayında Bakıda keçirilən World HR Summit 2026 WFPMA-nın dəstəyi ilə təşkil olunub və tədbirdə 50 ölkədən 500-dən çox HR lideri, CEO, sahibkar və digər yüksək səviyyəli peşəkar iştirak edib. (daha ətraflı məlumat üçün klikləyin)
Azərbaycanın insan kapitalı üçün yeni imkanlar
Azərbaycanın WFPMA kimi qlobal HR şəbəkəsində təmsil olunması bir təşkilatın beynəlxalq üzvlüyündən daha geniş məna daşıyır. Bu, ölkənin insan kapitalı gündəliyinin beynəlxalq HR gündəliyi ilə əlaqələndirilməsi, yerli mütəxəssislərin qlobal peşəkar icmaya çıxışının genişləndirilməsi və Azərbaycanın HR sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyətli addımdır.
Qlobal iqtisadiyyatın əsas rəqabət amillərindən birinin məhz insan kapitalı olduğu bir dövrdə Azərbaycanın HR ekosisteminin beynəlxalq şəbəkələrdə daha fəal təmsil olunması ölkənin gələcək əmək bazarının inkişafı üçün də mühüm imkanlar yaradır.
Çünki dünya dəyişdikcə texnologiyalar yenilənir, peşələr transformasiya olunur, biznes modelləri dəyişir. Lakin bütün bu dəyişikliklərin mərkəzində yenə də insan dayanır.
Azərbaycanın qlobal HR xəritəsində daha görünən mövqe qazanması isə məhz bu insan kapitalının gələcəyə hazırlanması baxımından strateji əhəmiyyət daşıyır.




