Qaxda keçirilən Region Gənclərinin Məşğulluq Forumu gəncləri işəgötürənlərlə bir araya gətirməklə yanaşı, gələcəyin peşələri, dəyişən əmək bazarı və karyera imkanları ətrafında müzakirələr üçün də məkan yaradıb. Forum çərçivəsində 24 işəgötürən tərəfindən 130-dan çox vakansiya təqdim olunub.

Qax rayonunda region gənclərinin əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Region Gənclərinin Məşğulluq Forumu keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Forumda Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov, işəgötürənlər, region gəncləri və digər qonaqlar iştirak ediblər.

Emil Hüseynov forumun panel sessiyasına moderatorluq edib
Forumun əsas müzakirə hissələrindən biri Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovun moderatorluğu ilə keçirilən panel sessiyası olub.
Paneldə gələcəyin peşələri, əmək bazarının yeni tələbləri, gənclərin karyera seçimləri və dəyişən iş dünyasında tələb olunan bacarıqlar ətrafında fikir mübadiləsi aparılıb. Bu baxımdan sessiya gənclərin yalnız mövcud vakansiyalarla tanış olması deyil, əmək bazarında baş verən dəyişiklikləri və gələcək karyera istiqamətlərini daha yaxından anlaması baxımından da diqqət çəkib.
Emil Hüseynovun moderatorluğu ilə keçirilən müzakirə forumun HR və insan kapitalı perspektivini ön plana çıxaran əsas hissələrdən biri olub.



















