Azərbaycan HR İnstitutu və CEO Club Azərbaycanın birgə təşkilatçılığı, dünyanın ən peşəkar biznes platforması LinkedIn-in əsas tərəfdaşlığı, Smart Solutions Group-un sponsorluğu ilə 25 Fevral tarixində Bakıda yerli və qlobal şirkətlərin baş icraçı direktorları, dövlət nümayəndələri, iş adamları və sahibkarların iştirakı ilə “Global CEO Summit 2026” tədbiri keçirilib.

«Global CEO Summit 2026» tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 “Milli prioritetlər”dən birincisi olan “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq iqtisadiyyatın inkişafına və dünyaya inteqrasiyasına töhfə vermək, idarəetmə və insan kapitalının inkişafına dəstək olmaq, maliyyə və rəqəmsal transformasiya, müasir tələblərə uyğun kadr potensialının formalaşdırılması, eyni zamanda müasir texnologiya inkişafının gətirdiyi və gələcəkdə gətirməsi gözlənilən yeniliklər fonunda “Dəyişikliyə birlikdə liderlər etmək” şüarı ilə təşkil olunub.
Sammit yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorlarını, C-level rəhbərləri, dövlət qurumlarının nümayəndələrini və sahibkarları bir araya gətirib. Tədbir dəyişən geosiyasi reallıqlar, süni intellektin sürətli inkişafı, iqlim çağırışları və transformasiya olunan əmək bazarı fonunda liderliyin yeni modelini müzakirə edən strateji platforma kimi çıxış edib.
25 fevral 2026-cı il tarixində ölkəmizdə keçirilən “Global CEO Summit” tədbirində təşkilat komitəsinin rəhbəri Emil Hüseynovun təşəbbüsü, aparıcı yerli və beynəlxalq CEO-ların iştirakı ilə 25 Fevral tarixi “Beynəlxalq CEO Günü” ilk dəfə qeyd olunub. Bu əlamətdar günün əsas məqsədi biznes dünyasının aparıcı fiqurları olan CEO-ların (baş icraçı direktorların) təşkilatdakı əhəmiyyətli rolunu vurğulamaq, onların innovativ idarəetmə bacarıqlarını və iqtisadi inkişafa verdikləri töhfələri qeyd etməkdir.
Qlobal liderlər Bakıda
Tədbirin açılışında Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də Avropa İnsanların İdarə Edilməsi Assosiasiyasının (EAPM) prezidenti, WFPMA İdarə Heyətinin üzvü Berna Öztinaz çıxış ediblər.
LinkedIn-in EMEA və LATAM regionu üzrə Growth Markets rəhbəri Ali Matar isə “The Relationship Economy: Thriving in the Age of AI” mövzusunda çıxış edərək süni intellekt dövründə əsas rəqabət üstünlüyünün texnologiya deyil, insan potensialı və münasibətlər üzərində qurulduğunu bildirib. Onun təqdimatında qeyd olunub ki, son illərdə AI üzrə işəqəbul kəskin artıb və 2030-cu ilə qədər mövcud işlərdə istifadə olunan bacarıqların böyük hissəsi dəyişəcək. Bu kontekstdə bacarıq əsaslı işəqəbul və davamlı öyrənmə mədəniyyəti təşkilatların əsas prioritetinə çevrilməlidir.
Berna Öztinaz sammit çərçivəsində “Leading Change Management: Strategies for a Future-ready Organization” mövzusunda xüsusi master-klass təqdim edərək qeyri-müəyyənlik şəraitində liderliyin dəyər əsaslı yanaşma, strateji çeviklik və insan kapitalına sistemli investisiya üzərində qurulmalı olduğunu vurğulayıb.
Panel müzakirələri: Liderlik və Süni İntellekt
Sammit çərçivəsində iki əsas panel sessiyası təşkil olunub:
-
“The New Era of CEO Leadership: Transforming Vision into Impact” mövzusunda keçirilən birinci paneldə strateji baxışın real biznes nəticələrinə çevrilməsi, idarəetmədə çeviklik və davamlılıq məsələləri müzakirə edilib.
-
“AI and Human-Centered Leadership: Bridging Technology into Humanity” adlı ikinci paneldə isə süni intellektin biznes proseslərinə inteqrasiyası, etik çərçivə, insan mərkəzli qərarvermə və texnologiya ilə humanizmin balansı müzakirə olunub.
CEO Excellence Awards
Tədbirin ən diqqətçəkən hissələrindən biri “CEO Excellence Awards” mükafatlandırma mərasimi olub. Müxtəlif sahələr üzrə fərqlənən CEO-lar təltif olunaraq idarəetmədə innovativ yanaşma, strateji baxış və davamlı inkişaf sahəsində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılıblar.
Strateji tərəfdaşlıq və regional təsir
Sammit çərçivəsində LinkedIn ilə Azərbaycan HR İnstitutu arasında strateji tərəfdaşlıq xüsusi vurğulanıb. Azərbaycan HR İnstitutunun Azərbaycan, Gürcüstan və MDB regionu üzrə LinkedIn Talent Solutions Partner statusu əldə etməsi regionda insan kapitalının inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.
“Global CEO Summit 2026” bir daha nümayiş etdirdi ki, süni intellekt və sürətlə dəyişən qlobal mühit fonunda uğurun əsas açarı insan kapitalı, dəyər əsaslı liderlik və strateji çeviklikdir. Sammit Azərbaycanın qlobal idarəetmə platformalarında mövqeyini daha da gücləndirərək regional və beynəlxalq biznes liderləri üçün yüksək səviyyəli dialoq və əməkdaşlıq mühiti yaratdı.
Tədbirdən olan görüntüləri nəzərinizə çatdırırıq:
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu təşkilatçılığı ilə “Baku International CEO Summit 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024”, “COP29 Human Capital Forum” və “Women’s Entrepreneurs Summit 2025” tədbirləri uğurla həyata keçirilib.




























